Zelenskidən Avropaya ciddi xəbərdarlıq: “Ukrayna məğlub olarsa, 20 milyon insan Avropaya üz tuta bilər”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanacağı təqdirdə 20 milyona qədər ukraynalının Avropa ölkələrinə sığınmaq məcburiyyətində qala biləcəyi barədə xəbərdarlıq edib.
Dalğatv xəbər verir ki, Ukrayna lideri bu barədə Brüsseldə keçirilən mətbuat konfransında danışıb.
“Biz məğlub olsaq, nə baş verəcək? Bilmirəm, 20 milyon ukraynalı Avropaya gələcək”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın mümkün qələbəsi yalnız müəyyən ərazilərin itirilməsi ilə nəticələnməyəcək, həm də Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu ciddi təhlükə altına qoyacaq.
Zelenski vurğulayıb ki, Moskvanın strateji məqsədləri təkcə Donbas və Ukraynanın digər şərq əraziləri ilə məhdudlaşmır. Onun fikrincə, Rusiya qarşısı alınmadığı təqdirdə hərbi və siyasi hədəflərinə nail olmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Ukrayna lideri həmçinin Rusiyanın Avropa ölkələrinin təhlükəsizlik sistemlərini və mümkün təhdidlərə reaksiyasını sınaqdan keçirdiyini iddia edib. O bildirib ki, Avropa dövlətlərinin hava məkanının pozulması və pilotsuz uçuş aparatları ilə bağlı insidentlər Moskvanın Qərbin müdafiə hazırlığını yoxlamaq cəhdlərinin bir hissəsidir.
Zelenski Avropa ölkələrini və digər beynəlxalq tərəfdaşlarını Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyi davam etdirməyə çağırıb.
Ukrayna Prezidenti hesab edir ki, ölkəsinə göstərilən dəstək yalnız Ukraynanın suverenliyinin qorunması baxımından deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və sabitliyi üçün də mühüm əhəmiyyət daşıyır.
