Prezident İlham Əliyev Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvilini qəbul edib.

Görüş zamanı səfir Giorgi Zakaraşvili etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət zamanı cari ilin aprel ayında Gürcüstana həyata keçirdiyi dövlət səfərini və səfər çərçivəsində göstərilən yüksək qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin zəngin tarixi köklərə və geniş inkişaf perspektivlərinə malik olduğunu vurğulayıb. Dövlət başçısı iki müstəqil ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, xalqlarımızı isə tarixi qardaşlıq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini bildirib.

Prezident İlham Əliyev Giorgi Zakaraşviliyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, səfir Giorgi Zakaraşvili səmimi qəbula görə dövlət başçısına minnətdarlığını ifadə edib. O, dost və qardaş Azərbaycana səfir təyin olunmasından, eləcə də Prezident İlham Əliyevlə görüşməkdən böyük şərəf duyduğunu bildirib.

Diplomat Gürcüstan və Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu, iki xalq arasında tarixən mövcud olan dostluq və yaxınlıq münasibətlərini xüsusi qeyd edib.

Giorgi Zakaraşvili diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan-Gürcüstan siyasi əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Həmçinin Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat sahələrində birgə həyata keçirdikləri strateji layihələrin əhəmiyyətinə toxunulub. Bu layihələrin yalnız iki ölkənin iqtisadi inkişafına deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə, beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinə və qlobal iqtisadi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey