Paata Kviçinadze: İqtisadi göstəricilərə zərər vuracaq populist qərarların qəbuluna imkan verməyəcəyik

“Müxalifət istər parlamentdə, istərsə də parlamentdən kənarda nə tələb edirsə etsin, iqtisadi göstəricilərə mənfi təsir göstərəcək populist qərarların qəbuluna imkan verməyəcəyik”, – deyə Gürcüstan parlamentinin Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kviçinadze bildirib.

“Dalğatv”xəbər verir ki, Kviçinadze parlamentin plenar iclasında çıxışı zamanı dövlət büdcəsi layihəsinin müzakirəsinin birinci mərhələsinin başa çatdığını açıqlayıb.

Onun sözlərinə görə, komitə və fraksiyalarda aparılan müzakirələrdən sonra büdcə layihəsi irad və təkliflərlə birlikdə hökumətə qaytarılacaq. Yenidən işlənmiş sənədin noyabr ayında parlamentə təqdim olunması nəzərdə tutulur.

Komitə sədri bildirib ki, təqdim olunan büdcə balanslaşdırılmış və sosialyönümlüdür. Eyni zamanda, iqtisadi artım, büdcə kəsiri və dövlət borcu kimi əsas makroiqtisadi göstəricilər baxımından müsbət qiymətləndirilir.

Kviçinadzenin sözlərinə görə, iqtisadi artım nəticəsində dövlət büdcəsi 2 milyard 600 milyon lari, birləşdirilmiş büdcə isə 3 milyard 200 milyon lari artıb.

O qeyd edib ki, əlavə vəsaitin əhəmiyyətli hissəsi sosial müdafiə, səhiyyə və əməkhaqlarının artırılmasına yönəldilib.

Belə ki, pensiyaların və əlilliyi olan şəxslərə verilən sosial ödənişlərin artırılması üçün ümumilikdə 843 milyon lari ayrılıb. Bu məbləğə müvafiq agentliyə pensiya ödənişləri məqsədilə köçürülən 60 milyon lari də daxildir.

Bundan başqa, səhiyyə proqramlarının maliyyələşdirilməsi 125 milyon lari, dövlət sektorunda çalışanların, o cümlədən müəllimlərin, həkimlərin və digər mütəxəssislərin əməkhaqları üçün nəzərdə tutulan vəsait isə 520 milyon lari artırılıb.

Kviçinadze vurğulayıb ki, yalnız bu istiqamətlər üzrə əlavə maliyyələşmənin ümumi həcmi təxminən 1,5 milyard lari təşkil edir.

Sosial əhəmiyyətli digər sahələrə də əlavə vəsait ayrılıb. Su təchizatı üçün 60 milyon, qazlaşdırma üçün 55 milyon, xəstəxanaların tikintisi üçün 65 milyon, idmanın inkişafı üçün isə 145 milyon lari nəzərdə tutulub. Tullantı poliqonları, meliorasiya və ali təhsil sahələrinə əlavə 61 milyon lari ayrılıb.

Komitə sədrinin sözlərinə görə, büdcədəki artımın 80 faizi, yəni 2 milyard laridən çox hissəsi birbaşa sosial və sosial əhəmiyyətli layihələrə yönəldilib.

Qalan 20 faiz isə əsasən infrastruktur və iqtisadi inkişaf layihələrini əhatə edir. Bu çərçivədə Anakliyanın inkişafı, dəmir yolu sektoruna 250 milyon lari və yol infrastrukturuna əlavə 83 milyon lari ayrılması nəzərdə tutulub.

“Dəmir yolunda hələ də sovet dövründən qalmış elektrovozlar, vaqonlar və qatarlar istifadə olunur. Dəmir yolu inkişaf etmədən ölkəmizin mühüm tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Hesab edirik ki, təqdim olunan büdcə mümkün olan ən optimal variantlardan biridir”, – deyə Kviçinadze bildirib.

Komitə sədri 70 yaşdan aşağı pensiyaçıların pensiyalarının 45 lari artırılması təşəbbüsünə də münasibət bildirib.

O, baş nazirin bu qərarını müsbət qiymətləndirərək qeyd edib ki, pensiyaların artırılması əhəmiyyətli maliyyə vəsaiti tələb etdiyindən büdcəyə müvafiq dəyişikliklərin edilməsi asan olmayıb.

“Baş nazirə təşəkkür edirəm ki, büdcənin yenidən təqdim olunmasını gözləmədən 70 yaşdan aşağı pensiyaçıların pensiyalarının 45 lari artırılacağını açıqladı. Bu, böyük maliyyə vəsaiti tələb edən, lakin düzgün qərardır. Ümid edirəm ki, büdcənin növbəti təqdimatı zamanı razılaşdırdığımız digər dəyişikliklər də nəzərə alınacaq”, – deyə o bildirib.

Kviçinadze eyni zamanda müxalifətin büdcə xərclərinin daha da artırılması ilə bağlı tələblərinə toxunaraq, belə qərarların ölkənin makroiqtisadi sabitliyinə mənfi təsir göstərməməsinin vacibliyini vurğulayıb.

“Müxalifət istər parlamentdə, istərsə də parlamentdən kənarda nə tələb edirsə etsin, iqtisadi göstəricilərə zərər vuracaq populist qərarların qəbuluna imkan verməyəcəyik. Büdcənin əlavə bir və ya iki milyard lari artırılması ilə bağlı tələblər iqtisadi parametrləri pozmamalıdır. Bizim üçün əsas prioritet makroiqtisadi sabitliyin qorunmasıdır”, – deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, hökumətin əsas məqsədi yüksək iqtisadi artım tempini qorumaqla pensiyaların, sosial xərclərin və iqtisadi inkişaf üçün ayrılan vəsaitin hər il artırılmasına şərait yaratmaqdır.

“İqtisadi parametrlərin pozulmasına imkan verməyəcəyik. Yüksək iqtisadi artımın təmin olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Məhz bu, gələcək illərdə pensiyaların və sosial sahəyə ayrılan vəsaitin daha da artırılmasına imkan verəcək”, – deyə Paata Kviçinadze vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey