Rəsmi açıqlama: Poniçalada partlayış baş verən binanın uçma təhlükəsi realdır – 7 nəfər dağıntılar altındadır

Tbilisinin Poniçala qəsəbəsində səhər saatlarında partlayış baş verən yaşayış binasının uçma təhlükəsi realdır. Hazırda dağıntılar altında 3-ü azyaşlı olmaqla 7 nəfərin qaldığı bildirilir. Bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili hadisə yerində jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, partlayışın səbəbi və mənbəyi artıq müəyyən edilib. Hazırda hadisə yerində Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələri və bələdiyyə xidmətləri fəaliyyət göstərir, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Sulxan Tamazaşvili bildirib ki, indiyədək dağıntılar altından 4 nəfər xilas edilərək tibb müəssisələrinə çatdırılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Bununla belə, xəsarət alanların hamısının huşunun özündə olduğu qeyd edilib.

Nazir hazırda dağıntılar altında 7 nəfərin, o cümlədən 3 azyaşlının qaldığını açıqlayıb.

Onun sözlərinə görə, təxminən yarım saat əvvəl binanın dayaq divarlarından birində əyilmə müşahidə olunub. Yaranmış təhlükə ilə əlaqədar binanın ön hissəsində aparılan xilasetmə işləri müvəqqəti dayandırılıb. Hazırda xilasedicilər əməliyyatları binanın arxa hissəsindən davam etdirirlər.

“Binanın uçma təhlükəsi realdır”, – deyə daxili işlər naziri vurğulayıb.

Partlayışın səbəbinə də aydınlıq gətirən Sulxan Tamazaşvili hadisənin qaz sızması nəticəsində baş verdiyini bildirib.

Nazirin açıqlamasına əsasən, binanın beşinci mərtəbəsində yaşayan sakin səhər saatlarında qazla işləyən qızdırıcını işə salmağa cəhd edərkən partlayış baş verib. Həmin şəxs gecə saatlarında qızdırıcını işə saldığını, daha sonra söndürdüyünü və səhər yenidən yandırmaq istəyərkən partlayışın baş verdiyini bildirib.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey