ABŞ, Çin və Rusiya liderləri: Nüvə müharibəsində qalib ola bilməz

ABŞ, Çin və Rusiya liderləri nüvə müharibəsində heç bir tərəfin qalib gələ bilməyəcəyini və belə bir müharibəyə heç vaxt yol verilməməli olduğunu bəyan ediblər.

“Dalğatv” xəbər verir ki, bu barədə noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə keçirilən görüşün yekunlarına dair qəbul olunduğu bildirilən üçtərəfli sülh bəyannaməsində qeyd edilib. Məlumata əsasən, sənəddə üç ölkənin nüvə təhlükələrinin azaldılması, strateji sabitliyin möhkəmləndirilməsi və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.

Bəyannamədə, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin və Rusiyanın Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasını dəstəklədiyi vurğulanıb. Qeyd edilib ki, nəzərdə tutulan islahatlar təşkilatın qlobal çağırışlara daha səmərəli cavab verməsinə və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında rolunun gücləndirilməsinə xidmət etməlidir.

Sənəddə enerji təhlükəsizliyi məsələlərinə də toxunulub. Tərəflər qlobal enerji bazarlarında sabitliyin qorunmasını, neft emalı məhsullarının istehsal və tədarük həcmlərinin artırılmasını bütün dövlətlərin maraqları baxımından mühüm hesab ediblər.

Bununla yanaşı, dövlətlərin razılığı prinsipinə və rəsmi şəxslərin beynəlxalq hüquq çərçivəsində toxunulmazlığına hörmət edilməsinin fundamental əhəmiyyət daşıdığı bildirilib. Liderlər Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji beynəlxalq təsisatların öz səlahiyyətlərini aşmamasının və onlardan sui-istifadəyə yol verməməsinin vacibliyini vurğulayıblar.

Bəyannamənin yekununda ABŞ və Rusiya liderlərinin üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çin tərəfinə təşəkkür etdikləri qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey