Kaxa Kaladze: “Lavrovun bəyanatını bizim hökumət müsbət qiymətləndirir”
” [Rusiya xarici işlər naziri Sergey Lavrovun] sözügedən bəyanatını bizim hökumət müsbət qiymətləndirir – Rusiyanın barışığa dəstək verməsi və buna yardım etməyə hazır olması yaxşıdır”.
Dalgatv xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mübafiq açıqlamasına cavab verib.
Kaxa Kaladze mediaya açıqlamasında iqtidar komandasının əsas vəzifələrindən birinin ölkənin ərazi bütövlüyünü bərpa etmək olduğunu və bunun dinc danışıqlar yolu ilə həyata keçirilməli olduğunu qeyd edib.
“Bu mövzuda partiyanın fəxri sədri cənab Bidzina İvanişvili geniş açıqlama verib. Bu barışıqla, dinc yolla, inkişaf və qarşılıqlı bağışlanma ilə baş verməlidir. Biz hamımız keçmişi və etdiyimiz səhvləri təhlil etməliyik. Biz radikal ‘Milli Hərəkat’ın və onun himayədarlarının yaratdığı paralel dünyada yaşamaq niyyətində deyilik” , – deyə Kaxa Kaladze qeyd edib.
O, Rusiya xarici işlər nazirinin bəyanatını müsbət qiymətləndirərək, bəyanatdan sonra real addımların atılacağına ümid etdiyini bildirib.
“Rusiya xarici işlər nazirinin bəyanatına gəldikdə isə, əlbəttə ki, bizim hökumət bu bəyanatı müsbət qiymətləndirir. Rusiyanın barışığı alqışlaması və buna dəstək verməsi, əlbəttə ki, müsbətdir. Amma mən deyərdim ki, bu bəyanatlarla yanaşı, konkret addımların atılması da yaxşı olardı. Məsələn, bizim hazırda işğal altında olan ərazilərimizdə yerləşən Rusiya hərbi bazalarının çıxarılması üçün fəaliyyət planının hazırlanması bəyanatlarla yanaşı həyata keçirilməlidir. Bir daha təkrar edirəm, Gürcüstan hökuməti, hakimiyyətimiz osetin qardaş və bacılarımızla barışığa nail olmaq üçün əlindən gələni edəcək. Biz yalnız və yalnız dinc yolla və qarşılıqlı bağışlama ilə ərazi bütövlüyünü bərpa edə və birlikdə yaşaya bilərik”, – deyə Kaxa Kaladze söyləyib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva, əgər “ölkələr” maraqlıdırsa, Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin normallaşdırılması prosesində Gürcüstana kömək etməyə hazırdır.