Gürcüstanın Baş Naziri və Tbilisinin meri “Tbilisoba” bayramı çərçivəsində Azərbaycan guşəsində olublar
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria və Tbilisi şəhərinin meri Kaxa Kaladze “Tbilisoba” bayramı şənlikləri çərçivəsində “9 Aprel parkı”nın yanında Tbilisinin qardaşlaşmış və tərəfdaş şəhərlərinə həsr olunan pavilyonlara baş çəkiblər.
G.Qaxaria və K.Kaladze burada yaradılmış “Azərbaycan guşəsi” ilə tanış olublar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Baş Nazirə və merə guşə, Azərbaycanın milli mədəniyyəti, incəsənəti, mətbəx nümunələri ilə bağlı məlumat verib.
Baş Nazir və mer azərbaycanlıları təbrik edib, Gürcüstanın milli bayramlarından birinə çevrilən “Tbilisoba” bayramında belə yaxından iştiraklarına görə minnətdarlıq ediblər.
Səfir, öz növbəsində, “Tbilisoba” bayramında Azərbaycan paytaxtının da ayrıca pavilyonla təmsil olunmasına yaradılan şəraitə görə, hökumət başçısına və merə minnətdarlığını bildirib.
Baş Nazir və mer Azərbaycan çayı və milli şirniyyatlarının dadına baxıblar.
Qonaqlara hədiyyələr təqdim olunub.