Azərbaycanda gürcüdilli məktəb üçün yeni bina istifadəyə verilib

Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində gürcüdilli məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Əlibəyli kənd orta məktəbinin 160 şagirdi yeni 2019-2020-ci tədris ilinə müasir standartlara cavab verən məktəbdə başlayacaq.

Məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət başçısının ehtiyat fondundan məktəb üçün yeni binanın inşası üçün müvafiq vəsait ayırılıb.

Yeni məktəb binasının açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın baş konsulu Nikoloz İaşvili, Qax rayon rəhbərliyinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Mərasimdə çıxış edən Z.Pataradze şagird və valideynləri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Səfir Azərbaycan Prezidenti və Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, maksimum qısa vaxt ərzində məktəbin yeni binası inşa olunaraq istifadəyə verilib.

Diplomat gürcüdilli məktəb üçün yeni binanın tikintisini iki ölkə arasında strateji münasibətlərin gələcək inkişafında irəliyə atılmış addım kimi dəyərləndirib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları siniflərə baxış keçiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey