Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunub

Oktyabrın 5-də Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, builki bayram tədbiri ilə əlaqədar olaraq paytaxt Tbilisinin “9 Aprel parkı”nın yanında, Atoneli küçəsində, Prezident Administrasiyasının yanında Azərbaycan guşəsi yaradılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə açılan guşədə milli mədəniyyətimizin və mətbəximizin nümunələri nümayiş etdirilir.
Bura gələn qonaqlar samovar çayı ilə şəkərbura və paxlavanın, həmçinin məşhur “Qarabağ” şərabının dadına baxırlar.
Səfir Dursun Həsənov, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Əflatun Amaşov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları guşəyə baxıb, təşkilatçılara dəstək nümayiş etdiriblər.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycan guşəsində olub, azərbaycanlıları bayram münasibətilə təbrik edib.
Qeyd edək ki, əsası 1979-cu ilin oktyabr ayında qoyulan “Tbilisoba” bayramı zəngin proqramla iki gün davam edəcək.
Bayram çərçivəsində paytaxt Tbilisinin mərkəzində kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye məhsullarının satış yarmarkası təşkil olunub. Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik ediblər. Bayram günləri çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.
Qeyd edək ki, bu bayramda Gürcüstan vətəndaşları küçələrdə, prospektlərdə və parklarda milli suvenirlərin satışını təşkil edirlər.
Tədbirdə Tbilisidə fəaliyyət göstərən azərbaycanlıların üzv olduğu “Ceyran” folklor rəqs ansamblının üzvləri də maraqlı konsert proqramı ilə çıxış edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey