İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
İsrail Qəzza zolağına göndərilən humanitar yardımın radikal HƏMAS qruplaşmasının nəzarətinə keçməsinin qarşısını almaqda israrlıdır, lakin ABŞ tərəfindən hazırlanan və özəl fond vasitəsilə yardımların bölgəyə çatdırılmasını nəzərdə tutan yeni mexanizmi dəstəkləyir.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə Almaniyanın yeni xarici işlər naziri Yohan Vadeful ilə görüşdən sonra bildirib. Onun sözlərinə görə, silahlı toqquşmaların gedişində İsrail humanitar yardımın Qəzzaya çatdırılmasına şərait yaradıb, lakin bu yardımın böyük bir hissəsi HƏMAS tərəfindən ələ keçirilib:
“Bu yardımlardan terror qruplaşmasının hərbi imkanlarının gücləndirilməsi və mülki əhali üzərində nəzarətin davam etdirilməsi üçün istifadə olunub. Əgər yardım axını birbaşa Qəzza xalqına deyil, HƏMAS-ın istifadəsinə yönəlməyə davam edərsə, münaqişənin sonu görünməyəcək.”
Nazir qeyd edib ki, ABŞ tərəfindən irəli sürülmüş və mayın 9-da təqdim olunmuş yeni yardım mexanizmi – müstəqil fond vasitəsilə yardımların çatdırılması – bu baxımdan effektiv həll yolu kimi qəbul edilir. Proqramın əsas məqsədi yardımların yalnız mülki əhaliyə yönəldilməsini təmin etmək və HƏMAS-ın bu resurslara nəzarətini tamamilə istisna etməkdir.