Ali Baş Komandan: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”
“Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına”.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.
“Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, – biz buna nail olduq, – həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”, – dövlət başçısı bildirib.