Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda 9-cu üçtərəfli görüşü keçirilib.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlıq beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslanır.

Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu bildirilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.

Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey