Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Martın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Söhbət zamanı Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dövlət başçısını təbrik edərək, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev səmimi təbriklərə görə təşəkkür edərək, öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş ölkəyə rifah və bərəkət arzulayıb.
Pakistanın Baş naziri göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, cari ildə Azərbaycana etdiyi rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, həmin səfər çərçivəsində verilən tapşırıqların icrası üçün aidiyyəti qurumlar tərəfindən işlərin davam etdirildiyini vurğulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.