İran rəsmiləri ABŞ ilə birbaşa danışıqların aparılması ilə bağlı yayılan məlumatları təkzib ediblər.
İran rəsmiləri ABŞ ilə birbaşa danışıqların aparılması ilə bağlı yayılan məlumatları təkzib ediblər. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağai dövlət televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır, lakin bu proses yalnız vasitəçilər vasitəsilə həyata keçiriləcək. “Bu kimi məlumatlar həqiqətə uyğun deyil və tamamilə əsassızdır”, – deyə XİN rəsmisi qeyd edib.
Bununla yanaşı, İ.Bağai İran və ABŞ arasında növbəti birbaşa olmayan danışıqlar raundunun planlaşdırıldığı kimi gələn şənbə günü Omanda keçirilməsinin ehtimal olunmadığını, lakin Oman tərəfinin vasitəçilik rolunu davam etdirəcəyini bildirib.
Xatırladaq ki, iki ölkə arasında ilk belə danışıqlar mərhələsi Omanın paytaxtı Məsqətdə, Oman Xarici İşlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə təşkil olunmuşdu. Öncəki günlərdə bəzi beynəlxalq media orqanlarında İran və ABŞ arasında birbaşa danışıqların bərpa olunması ilə bağlı iddialar yer almışdı.