Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir İrakli Kobaxidze arasında görüş: Bakı-Tbilisi-Qars dəmir yolu xətti müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə fəaliyyətə başlamasının vacibliyini vurğulayıb. Bu barədə o, IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirilən görüş zamanı danışıb.
Prezident Ərdoğan Gürcüstanla ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə daha da inkişaf edəcəyinə inandığını ifadə edib. O, həmçinin Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinin davam edəcəyini bildirib.
Görüşdə regional və beynəlxalq əhəmiyyət kəsb edən məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam potensialla fəaliyyətə başlamasına bəzi beynəlxalq güclər tərəfindən əngəllər yaradılıb. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də öz mövqeyini açıqlayaraq sözügedən maneələrin mövcudluğunu təsdiqləyib.