Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən icrasına başlanılan “Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi” layihəsinin növbəti mərhələsinə start verilib. Aprelin 13-də layihə çərçivəsində Nərimanov rayonunda yeni salınmış parkda ağacların uçotu aparılıb və nömrələmə etiketləri yerləşdirilib. Həmin ərazidə 50 ədəd zeytun ağacı da əkilib.
IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələrlə birgə həyata keçirdiyi bu layihənin məqsədi şəhərin yaşıllıqlarının daha effektiv qorunmasını, inventarizasiya və rəqəmsal reyestr sisteminin formalaşdırılmasını təmin etməkdir.
Artıq “Şəhər yaşıllıqlarının reyestri” informasiya sistemi yaradılıb. Səbail rayonunda 25 minə yaxın ağac uçota alınıb və tezliklə nömrələmə prosesi başa çatdırılacaq. Pilot mərhələdə Nərimanov rayonundakı Atatürk parkı və abad həyətlərdə 2352 ağac qeydiyyata alınıb, onların üzərinə fərdi identifikasiya lövhələri yerləşdirilib.
Ağaclar haqqında məlumatların ictimaiyyətə açıq təqdim edilməsi məqsədilə www.agac.az portalı istifadəyə verilib. Bu sistem Prezidentin 2025-ci il 10 yanvar tarixli Fərmanına əsasən yaradılmış “Rəqəmsal ekologiya” informasiya sisteminə inteqrasiya olunub.
Qeydiyyat prosesi şəhər daxilindəki parkları, yolkənarı və yaşayış məhəllələrindəki yaşıllıqları əhatə edir. Hər ağaca nömrə və QR-kod əks etdirən, zərərsiz və davamlı materialdan hazırlanmış etiketlər vurulur. Layihə çərçivəsində ictimaiyyət də yaşıllıqların qorunmasına töhfə verməyə çağırılır.