Zelenski Rusiyanın Sumıya zərbəsindən sonra Avropa və ABŞ-yə müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Sumı şəhərinə bu gün endirdiyi ballistik raket hücumuna cavab olaraq ABŞ və Avropa ölkələrini sərt mövqe nümayiş etdirməyə çağırıb.
Dövlət başçısı sosial şəbəkə üzərindən paylaşdığı müraciətində hücum nəticəsində onlarla mülki şəxsin həyatını itirdiyini və yaralandığını bildirib. “Həlak olanların ailələrinə başsağlığı verirəm. Hazırda axtarış-xilasetmə işləri davam edir. Aidiyyəti qurumlar hadisə yerindədir. Beynəlxalq ictimaiyyət bu hücuma sərt reaksiya verməlidir,” – deyə Zelenski qeyd edib.
O, həmçinin Rusiyanın müharibənin davam etməsində əsas maraqlı tərəf olduğunu vurğulayıb. “Rusiyaya təzyiq göstərilmədən sülh əldə etmək mümkün deyil. İndiyə qədər aparılan danışıqlar raket və bomba hücumlarını dayandıra bilməyib. Ukraynanın yanında olan və dinc əhalinin qorunmasına dəstək verən hər kəsə təşəkkürümü bildirirəm,” – deyə Ukrayna Prezidenti əlavə edib.
Xatırladaq ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Sumı şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox dinc sakin həyatını itirib.