Netanyahu: İsrail Mertsin kanslerliyi dövründə Almaniya ilə tərəfdaşlığı möhkəmləndirməyə ümid edir
İsrail, Almaniyanın yeni kansleri Fridrix Mertsin dövründə Təl-Əviv–Berlin münasibətlərinin daha da inkişaf edəcəyinə ümid edir. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfər edən Almaniyanın yeni xarici işlər naziri Yoxann Vadeful ilə keçirdiyi görüş zamanı bəyan edib.
Netanyahunun ofisi tərəfindən yayılan məlumatda Baş nazir bildirib:
“İsrail və Almaniya arasında çoxsaylı ortaq maraqlar, dəyərlər və qarşılıqlı çağırışlar mövcuddur. Cənab nazir, əminəm ki, əməkdaşlığımızın davamlı şəkildə inkişaf etməsi tərəfdaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcək. Kansler Fridrix Mertsə İsrail-Almaniya ittifaqının gücləndirilməsi istiqamətində göstərdiyi birgə səylərə görə ən xoş arzularımı çatdırıram.”
Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın gələcək perspektivlərini və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.