Marneulidə “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev-102” adlı tədbir keçirilib
Mayın 10-da Marneuli şəhərində “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi – Ümummilli Lider Heydər Əliyev-102” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Marneulidə fəaliyyət göstərən “Çay Evi”nin nəzdindəki “Bazar günü” məktəbinin şagirdlərindən ibarət xor kollektivinin ifasında Azərbaycan və Gürcüstanın Dövlət himnlərini dinləyiblər. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib. Diplomat qeyd edib ki, müasir müstəqil Azərbaycanın qurulması və inkişafı, onun beynəlxalq nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən ilk milli Konstitusiya ölkənin hüquqi-siyasi əsaslarını müəyyən edib.
Faiq Quliyev vurğulayıb ki, Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların, o cümlədən Gürcüstandakı soydaşlarımızın rifahını daim diqqət mərkəzində saxlayıb. Onun sözlərinə görə, bu qayğı yalnız bəyanatlarla deyil, real addımlarla özünü göstərib və hazırda da Azərbaycan dövləti Gürcüstandakı azərbaycanlılara hərtərəfli dəstək göstərir.
Marneuli şəhərinin meri Kənan Ömərov çıxışında Heydər Əliyevin Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsində oynadığı mühüm rolu qeyd edib. O, Ulu Öndərin Gürcüstanda da böyük rəğbətlə anıldığını və xatirəsinin xalqın yaddaşında daim yaşadığını bildirib.
Təhsil və İnkişaf Mərkəzinin rəhbəri Emin Əhmədov isə Ulu Öndərin təhsilə və gənclərin inkişafına verdiyi önəmdən bəhs edib. O qeyd edib ki, bu gün Gürcüstanda yaşayan soydaşlarımızın təhsil sahəsində üzləşdikləri problemlərin böyük hissəsi məhz Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində aradan qaldırılıb. E.Əhmədov bildirib ki, hər il mayın 10-nun Marneulidə təntənəli şəkildə qeyd olunması gənclərin tarixi şəxsiyyətlər barədə maarifləndirilməsi baxımından əhəmiyyətli olardı.
Tədbirin bədii hissəsində “Buta” ansamblı Azərbaycan və Gürcüstan milli rəqslərini təqdim edib. Gənc ifaçılar Şaban Məmmədov və İamze Jakeli Azərbaycan və gürcü dillərində mahnılar səsləndiriblər. Sonda müxtəlif sahələrdə fərqlənən gənc soydaşlarımızın fəaliyyəti mükafatlarla təltif olunub.
Belə tədbirlər, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıyır.