ABŞ Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb
ABŞ hakimiyyət orqanları Vaşinqtonun mərkəzində Milli Qvardiya əsgərlərinə silahlı hücumdan sonra Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb. “Dalğatv” AZƏRTAC -a istinadən xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına əsasən, müraciətlərin qəbulu “qeyri-müəyyən müddətə” təxirə salınıb.
Hadisə noyabrın 26-da Admiral Devid Farraqut parkı yaxınlığında baş verib. Naməlum silahlı şəxs Ağ Evdən təxminən 300 metr məsafədə Milli Qvardiya əsgərlərinə atəş açıb. Nəticədə iki hərbçi yaralanıb və onların vəziyyətinin ağır olduğu bildirilir.
Hücumdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Brandon Gill Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyasına çağırıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Cozef Bayden administrasiyası dövründə ölkəyə daxil olan bütün Əfqanıstan vətəndaşlarının əlavə yoxlanılacağını bəyan etmişdi.
