ABŞ-ın Gürcüstana münasibətdə siyasəti hələ tam formalaşmayıb.
ABŞ Gürcüstana dair siyasətini hələ tam şəkildə müəyyənləşdirməyib. APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci Kanal”a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, ABŞ hazırda qlobal miqyasda mühüm proseslərdə iştirak edir və çoxlu enerji, səy və vaxt tələb edən beynəlxalq problemlərin həlli ilə məşğuldur.
“Biz görürük ki, Gürcüstan ABŞ-ın gündəmində yüksək prioritet təşkil etmir. Gürcüstan ABŞ ilə konkret və məzmunlu strateji münasibətlərin qurulmasına çalışır və hazırkı dialoqun mahiyyəti də məhz bundan ibarətdir”, – Maka Boçorişvili deyib.
O, Gürcüstan–ABŞ münasibətlərinin müəyyən mərhələdə yenidən qurulmasının gündəmə gətiriləcəyinə və bu istiqamətdə müsbət nəticənin əldə olunacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə yaradılmış strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər gündəmə gətirilməyəcəyini açıqlamasından sonra verib.
