İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
İrandan atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətinə yönələn ballistik raket NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Dalğatv xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq havada məhv edilib.
Nazirlik bildirib ki, Hatay vilayətinin Dörtyol rayonuna düşən sursat parçasının aparılan araşdırma nəticəsində təhlükənin havada məhv edilməsi zamanı istifadə olunan hava hücumundan müdafiə raketinə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Türkiyə Müdafiə Nazirliyi vurğulayıb ki, ölkənin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində iradə və hərbi potensial ən yüksək səviyyədədir.
“Türkiyə regional sabitlik və təhlükəsizliyin tərəfdarıdır. Bununla yanaşı, ölkəmiz kimdən və haradan gəlməsindən asılı olmayaraq, öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarındadır”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Türkiyə ərazisinin və hava məkanının müdafiəsinə yönəlmiş bütün addımlar qətiyyətlə atılacaq və ölkəyə qarşı hər hansı düşmən mövqeyə adekvat cavab vermək hüququ qorunur.
Nazirlik həmçinin bütün tərəfləri bölgədə münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb və bu məsələ ilə bağlı NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdirildiyini bildirib.
