Tbilisidə azərbaycanlı gənc rəssamların “Palitra İnteqrasiya” sərgisi açılıb
Tbilisi Dövlət Rəssamlıq Akademiyasının böyük sərgi salonunda azərbaycanlı gənc rəssamların “Palitra İnteqrasiya” adlı sərgisi açılıb.
“Dalğatv” “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgi Tbilisi Dövlət İncəsənət Akademiyası, İnkişaf və Təhsil Mərkəzi, eləcə də Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Marneulidəki “Tea House” rəsm kursunun, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin, “Rizvan İsmailov Studio”, “Borçalı Carpet & Art”, “Saral İnkişaf və Təhsil Mərkəzi”nin və “Parlaq Gələcək Gənclər Mərkəzi”nin gənc rəssamlarının 100-ə yaxın əl işi nümayiş etdirilib.
Çıxış edənlər qeyd ediblər ki, 2018-ci ildən ənənəvi olaraq keçirilən sərginin məqsədi regionlarda yeniyetmə və gənclərin incəsənətə marağını artırmaqdır. Əgər ilk illərdə sərgiyə az sayda iştirakçı cəlb olunurdusa, bu il 50-yə yaxın gənc rəssamın iştirakı göstərir ki, maraq ildən-ilə artır.
Sonda sərgidə təmsil olunan mərkəzlər incəsənətin regionlarda inkişafına verdikləri töhfəyə görə mükafatlandırılıblar.