SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb

Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitəsinin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirmişdir.

Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan–Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığı, ölkə rəhbərləri arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun birgə layihələrin uğurla həyata keçirilməsinə və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına geniş imkanlar yaratdığı qeyd edilib. Bildirilib ki, çoxşaxəli enerji əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir və Azərbaycan Gürcüstanın enerji təminatında əsas tərəfdaş olaraq qalır.

Vurğulanıb ki, indiyədək SOCAR tərəfindən Gürcüstana 2 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr, həmçinin karbohidrogen və elektrik enerjisi sahələrində geniş əməkdaşlıq iki ölkə arasında enerji tərəfdaşlığının mühüm istiqamətləridir.

Görüşdə qaz və elektrik enerjisinin tədarükü və tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətinin genişləndirilməsindən irəli gələn məsələlər, eləcə də planlaşdırılan yeni layihələr müzakirə olunub. Enerji sahəsində tərəfdaşlığın yeni təşəbbüslər vasitəsilə gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu qeyd edilib. Bu xüsusda “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni strateji enerji bağlantısı kimi əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel şəkildə inkişaf etdirilir və bu iki layihə üzrə koordinasiyanın gücləndirilməsi iştirakçı ölkələr və şirkətlər arasında əməkdaşlığı artırmaqla icranın səmərəliliyinə və Avropa İttifaqı ilə maliyyə institutlarından maksimum dəstəyin təmin olunmasına şərait yarada bilər.

Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqələrinin və enerji ticarətinin genişləndirilməsini nəzərdə tutan interkonnektor layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey