Maka Boçorişvili: Prezident İlham Əliyev çox sadə yolla Avropa İttifaqına və Avropa Komissiyasına hər şeyi başa saldı

Gürcüstanın xarici işlər naziri: Prezident İlham Əliyevin Orta Dəhlizlə bağlı yanaşması olduqca əsaslı və düzgün mövqedir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Orta Dəhlizlə bağlı mövqeyini yüksək qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində Orta Dəhliz barədə çıxışında Avropa İttifaqına və Avropa Komissiyasına bu məsələnin mahiyyətini çox sadə və aydın şəkildə izah edib.

„Dalğatv” AZƏRTAC-a istinadən xəbər verir ki, Maka Boçorişvilinin sözlərinə görə, Prezident İlham Əliyev Orta Dəhlizdən danışarkən, ilk növbədə, xəritəyə baxmağın vacibliyini vurğulayıb. “Əgər xəritəyə nəzər salsaq və oradan keçən ölkələri görsək, həmin dövlətləri qeyd etmədən və onlarla münasibətləri nəzərə almadan bu dəhlizdən danışmaq mümkün deyil. Azərbaycan Prezidentinin bu yanaşması çox əsaslı və düzgün mövqedir”, – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan da Azərbaycanla yanaşı, Orta Dəhlizdə əsas rol oynayan ölkələrdən biridir. Bu isə Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən və zəruri şəkildə yanaşılması vacib olan bir mövzudur.

“Avropanın Asiya ilə müxtəlif istiqamətlər üzrə bağlantısını təmin etməyə yönəlmiş layihələrin uğurla həyata keçirilməsi üçün Brüsselin bu məsələyə ciddi və obyektiv yanaşması, hər hansı manipulyativ yanaşmalardan çəkinməsi olduqca vacibdir”, – deyə Maka Boçorişvili vurğulayıb.

Sonda Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ölkəsi bu mühüm geosiyasi layihədə üzərinə düşən rolu oynamağa tam hazırdır. “Burada hər kəs yaxşı anlayır ki, bu funksiyanı Gürcüstan olmadan yerinə yetirmək və nəzərdə tutulan məqsədlərə nail olmaq mümkün deyil”, – deyə Maka Boçorişvili əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey