Hakim partiya Marneulinin başçısı vəzifəsinə azərbaycanlı namizədini təqdim edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Zaur Darğallının namizədliyini təqdim edib.
Marneulidə Mədəniyyət Evinin qarşısında baş tutmuş mərasimdə Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

M.Baxtadze Z.Darğallının Marneuli rayonunun icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: “Mayın 19-da Marneulidə yeni icra başçısı seçiləcək. Zaur Darğallı peşəkar və enerjili gəncdir. Əminəm ki, o, Marneulinin ən yaxşı başçısı olacaq və rayonun problemlərinin həllinə dəstək göstərəcək”.

Sonra çıxış edən İ.Qaribaşvili hakim partiyanın qarşıdan gələn seçkilərdə qələbə qazanacağına əmin olduğunu deyib: “Biz gələcəyə gedirik və heç zaman keçmişə qayıtmayacağıq. Ümid edirəm ki, zəif rəqiblərimiz cəmiyyətimizə nifrət və ədavət salmayacaqlar. Bizim komanda buna imkan verməyəcək. Biz bu seçkilərdə mütləq qələbə qazanacağıq”.

Z.Darğallı hakim partiyaya ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Namizəd marneulilərə ona verdikləri dəstəyə görə də minnətdarlıq edib: “Söz verirəm ki, sizinlə bir yerdə Marneulinin hər kəndini, hər ailəsini daha da güclü edəcəyik. Mənim 31 yaşım var və iki ildən sonra sizə alnıaçıq hesabat verəcəyəm. Sizinlə birgə Marneulini daha da inkişaf etdirəcəyik”.

Qeyd edək ki, Z.Darğallı 2017-ci ildən Kvemo Kartli (Borçalı) bölgəsinin qubernator müavini vəzifəsində çalışıb.

Bu günə qədər Marneuli rayon icra başçısı postuna müxalif Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, müxalif Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayevin namizədliyi rəsmən təqdim olunub. Seçkilərə Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirovun da müstəqil namizəd kimi qatılacağı gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey