Tbilisidə Qafqazın enerji təhlükəsizliyi müzakirə olunub
Gürcüstanın paytaxtı Tbilisidə “Açıq bazar fonunda Qafqaz bölgəsində enerji təhlükəsizliyi” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Tədbir Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və ABŞ-ın USAID təşkilatının Enerji Proqramının dəstəyi ilə baş tutub.
Konfransda çıxış edən iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava Gürcüstanda enerji təhlükəsizliyi sahəsində mövcud çağırışlar barədə danışıb: “Bu sahədə bizim üzləşdiyimiz ənənəvi və yeni problemlərimiz var. Ənənəvi problemlərə regional çağırışlar və geosiyasi faktorlar daxildir. Yeni çağırışlara isə elektrik enerjisinin istehlakının artması fonunda cəmiyyətin su elektrik stansiyalarının inşasına fərqli yanaşması aiddir”.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin energetika sahəsi ilə bağlı strategiyası iki prinsipə əsaslanıb: “Bunlara daha açıq bazar, regionda inteqrasiya, ticarət və tranzit üçün daha çox imkanların yaradılmasıdır. Bu iki aspekt olduqca vacibdir. Biz istehlakçıları öz resurslarımızla təmin etməli və bölgədə azad ticarət imkanları yaratmalıyıq”.
Konfransda USAID-nin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə irəli sürüləcək fikir və təkliflər enerji təhlükəsizliyi üzrə İşçi Qrupa təqdim olunacaq.