Azərbaycanda reallaşdırılan islahatlar Tbilisidə keçirilən forumda yüksək qiymətləndirilib

Tbilisidə Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda Şərqi və Qərbi Avropa, Asiya, MDB, Cənubi Qafqaz ölkələrindən 100-ə yaxın hüquqşünas, beynəlxalq arbitraj məhkəmələrinin rəhbərləri və üzvləri, investorlar iştirak edirlər.
Forumda biznes mühiti və onun inkişafında hüquqşünasların rolu, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, vergi sisteminin təkmilləşdirilməsi, sadələşdirilmiş vergilərin tətbiqi və s. məsələlər müzakirə olunur.
Tədbir çərçivəsində inkişaf etmiş dövlətlərin təcrübəsi öyrənilib, Cənubi Qafqaz ölkələrində həyata keçirilən islahatlar barədə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin üzvü, “Ekvita” şirkətinin təsisçisi və rəhbəri İlqar Mehdi çıxış edərək ölkəmizdə məhkəmə-hüquq, vergi sistemində reallaşdırılan islahatlar, kiçik və orta biznes nümayəndələri üçün yaradılmış şərait barədə məlumat verib. O, Azərbaycanın bu sahələrdə əldə etdiyi uğurları, Dünya Bankının reytinq cədvəlindəki möhkəmlənən mövqeyi barədə məlumatları diqqətə çatdırıb.
Azərbaycanda həyata keçirilən islahatlar, xüsusən də son iki il ərzində əldə olunan nailiyyətlər forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Forum işini noyabrın 2-dək davam etdirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey