Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

“Dalğatv” “AZƏRTAC”-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək Gürcüstan Prezidentini səmimi qəlbdən salamlayıb və onu Prezident seçilməsi münasibətilə bir daha təbrik edib. Dövlət başçısı qeyd edib ki, Mixeil Kavelaşvilinin Prezident vəzifəsinə seçildikdən sonra ilk rəsmi xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan əsrlər boyu sülh, mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində yaşamışlar. Bu gün də dövlətlərarası münasibətlər ən yüksək səviyyədədir. Ölkələrimiz arasında həyata keçirilən birgə enerji, nəqliyyat və kommunikasiya layihələri təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunması ölkələrimizin ortaq maraqlarına xidmət edir və bu istiqamətdə hər iki dövlət öz töhfəsini verir.

Prezident İlham Əliyev Gürcüstanla Azərbaycan arasında siyasi dialoqun fəal xarakter daşıdığını, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin yüksək səviyyədə olduğunu bildirib və ölkələrimizin gələcəkdə də sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Daha sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bəyanatla çıxış edib. O, göstərilən yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Mixeil Kavelaşvili qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri əsrlərə söykənən dostluq ənənələri üzərində qurulub.

Gürcüstan Prezidenti vurğulayıb ki, xalqlarımız arasında etimada, qarşılıqlı dəstəyə və ortaq dəyərlərə əsaslanan münasibətlər regionda sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Gürcüstan tərəfindən daim qətiyyətlə dəstəkləndiyini bildirib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına dair danışıqların müsbət nəticələnməsini alqışlayaraq, bu prosesin regionda dayanıqlı sülhə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Prezident Mixeil Kavelaşvili çıxışı zamanı qeyd edib ki, Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin qorunması üçün Gürcüstan hər zaman dialoq və əməkdaşlıq tərəfdarı olub və bu siyasət gələcəkdə də davam etdiriləcək. O, ikitərəfli münasibətlərin bundan sonra da güclənəcəyinə, birgə layihələrin isə regionun geosiyasi əhəmiyyətini daha da artıracağına əmin olduğunu bildirib.

Sonda Gürcüstan Prezidenti Azərbaycan Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib və onu ölkəsində qəbul etməkdən məmnunluq duyacağını vurğulayıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey