Ərdoğan BMT Təhlükəsizlik Şurasında köklü islahatlara çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvini, daimi üzvlük sistemindən imtina edilməsini və Baş Assambleyanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan islahatlara çağırıb.

Dalgatv Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Təhlükəsizlik Şurasında imtiyazlı üzvlərin sayının artırılmasının mövcud problemi həll etməyəcəyini bildirib.

“İslahatlar eyni imtiyazların digər dövlətlərə verilməsi demək ola bilməz”, – Türkiyə Prezidenti qeyd edib.

Ərdoğanın sözlərinə görə, Təhlükəsizlik Şurasında daimi üzvlük sistemi ləğv edilməli, ölkələr BMT Baş Assambleyası tərəfindən müəyyən müddətə və rotasiya prinsipi əsasında seçilməlidir. O, həmçinin heç bir dövlətin əksəriyyətin iradəsinə davamlı şəkildə mane ola bilməməsi prinsipinin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

“Keçmişin iyerarxiyasını qoruyub saxlamaqla gələcəyin beynəlxalq nizamını qura bilmərik”, – Ərdoğan vurğulayıb.

Türkiyə lideri Ankaranın uzun müddətdir irəli sürdüyü “Dünya beşdən böyükdür” prinsipini də xatırladaraq, BMT-də islahatlara dair konkret yol xəritəsinin hazırlanmasının vacibliyini qeyd edib.

Ərdoğan, həmçinin beynəlxalq sistemdə iqtisadi bərabərsizliyin dərinləşdiyini, texnologiya və iqtisadi asılılıqların yeni rəqabət sahələrinə çevrildiyini bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey