KİV: Yunanıstan F-16-ları Türkiyəyə məxsus PUA-nı ələ keçirib
Egey dənizinin şimal-şərq hissəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatının (PUA) Yunanıstanın hava məkanına daxil olduğu bildirilir.
“Dalğatv” xəbər verir ki, Yunanıstan mediasının yaydığı məlumata görə, PUA Samotraki və Lemnos adaları arasındakı dəniz ərazisində Afina Uçuş Məlumatı Rayonuna (FIR) daxil olub və Yunanıstanın milli hava məkanını pozub.
Hadisədən sonra Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı havaya qaldırılıb. Qırıcılar PUA-nı müəyyən edərək ələ keçirib və ərazidən uzaqlaşdırıblar.
Məlumata görə, Türkiyəyə məxsus PUA Aleksandrupolis hava limanının terminal zonasına yaxınlaşdığı vaxt “Aegean Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi də uçuş həyata keçirməyə hazırlaşıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində sərnişin təyyarəsinə alternativ uçuş marşrutu üzrə hərəkət etmək və ərazini tərk edənədək aşağı hündürlükdə uçmaq göstərişi verilib. Daha sonra təyyarə uçuşunu normal qaydada davam etdirib.
Yunanıstan mənbələri hadisə zamanı sərnişin təyyarəsinin təhlükəsizliyinə təhdid yaranmadığını bildirirlər.
Türkiyə tərəfinin hadisə ilə bağlı mövqeyi barədə hələlik məlumat yoxdur.
