Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəviləri və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil zavodlarının açılışında iştirak edib.
Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodu istifadəyə verilib. Bildirilib ki, müəssisəyə 2022-ci ilin iyulunda Parkın rezidenti statusu verilib, zavodun təməli isə 2023-cü ildə dövlət başçısı tərəfindən qoyulub. 2,5 hektar ərazidə yerləşən zavodun illik istehsal gücü 295 min ton təşkil edir. 7 istehsal xəttində sement əsaslı quru qarışıqlar, su izolyasiya materialları, beton qatqıları və digər məhsullar istehsal olunacaq. Layihənin investisiya dəyəri 25 milyon manatdır, hazırda 102 nəfər işlə təmin olunub, bu sayın 245-ə çatdırılması planlaşdırılır. Məhsullar daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
Prezident İlham Əliyev həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil zavodunun açılışında iştirak edib. Zavod 2022-ci ildə Parkın rezidenti kimi qeydiyyata alınıb və 4 hektar ərazidə yerləşir. Müəssisədə ildə 100 yük avtomobili və 300 kuza istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 19,2 milyon manatdan çoxdur. Hazırda 96 nəfər işlə təmin olunub, ikinci mərhələdə kuzaların istehsalı və əlavə iş yerlərinin yaradılması planlaşdırılır.
Yeni müəssisələrin istifadəyə verilməsi ölkənin qeyri-neft sektorunun inkişafına, sənayeləşmə prosesinə, məşğulluğun artırılmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verəcək.