Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb: Hakimiyyəti sərt tənqid edib
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından növbəti məktubunu yayıb.
Dalgatv xəbər verir ki, keçmiş hökumət başçısı məktubunda həbsinin siyasi motivli olduğunu iddia edərək hakimiyyəti sərt tənqid edib.
Qaribaşvilinin sözlərinə görə, həbsinin məqsədi onun siyasi fəaliyyətinin qarşısını almaq, nüfuzuna zərbə vurmaq və gələcəkdə siyasətə qayıtmaq imkanlarını məhdudlaşdırmaq olub.
Sabiq baş nazir bildirib ki, Bidzina İvanişvili ilə 20 illik münasibətlərini nəzərə alaraq qarşıdurmadan yayınmaq üçün “siyasi qurban” olmağa razılaşıb. O, bununla həm komandanı, həm də ölkəni qorumağa çalışdığını, lakin nəticədə “üçüncü dəfə aldadıldığını” iddia edib.
Qaribaşvili, həmçinin əvvəlcə ona həbs cəzası verilməyəcəyinin, məsələnin şərti cəza və cərimə ilə yekunlaşacağının vəd edildiyini, sonradan isə şərtlərin dəyişdirildiyini bildirib.
Eks-premyer hakimiyyətin onun həbsindən gözlədiyi nəticəni əldə etmədikdən sonra yeni ittihamlar irəli sürməyə çalışdığını iddia edib.
Qaribaşvili hakim komandanı “Milli Hərəkat”ın metodlarından istifadə etməkdə, dövlət institutlarını zəiflətməkdə və ölkənin nüfuzuna zərər vurmaqda da ittiham edib.
Sabiq baş nazir ona qarşı aparıldığını iddia etdiyi kampaniyanı “çirkin təbliğat” adlandıraraq hakimiyyəti ehtiyatlı davranmağa çağırıb.
