Türkiyə universitetləri əcnəbi tələbələri tədqiqatçı köməkçisi kimi işə götürəcək

Türkiyə universitetləri 2027-ci ildən etibarən yüksək akademik göstəricilərə malik əcnəbi tələbələri tədqiqatçı köməkçisi kimi işə götürməyə başlayacaq.

Dalğatv AZƏRTAC-a istinadən xəbər  verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.

Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi Türkiyə universitetlərinin beynəlxalq istedadlar üçün cəlbediciliyini artırmaq, eyni zamanda elmi tədqiqatların sənaye ilə əlaqəsini gücləndirməkdir.

Yılmaz bildirib ki, “Araşdırma universitetlərinə dəstək” proqramı çərçivəsində 2026-cı ildə 548 layihəyə ümumilikdə 1,9 milyard lirə vəsait ayrılacaq. Bunun 1,4 milyard lirəsi mərkəzi büdcədən, 491 milyon lirəsi isə universitetlərin öz vəsaitləri hesabına maliyyələşdiriləcək.

Vitse-prezident qeyd edib ki, Türkiyədə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (AR-GE) çəkilən xərclərin iqtisadiyyatda payı 2002-ci ildə 0,5 faiz olduğu halda, 2024-cü ildə 1,5 faizə yaxınlaşıb.

O, həmçinin “QS World University Rankings 2027” siyahısında Türkiyənin altı universitetinin ilk 500-lükdə yer almasını ölkənin elmi-tədqiqat potensialının inkişafının göstəricisi kimi qiymətləndirib.

Yılmaz əlavə edib ki, əcnəbi tələbələrin təhsildən sonra Türkiyədə qalmasına və ölkə iqtisadiyyatına töhfə verməsinə imkan yaradacaq yeni proqramların hazırlanması da nəzərdə tutulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey