Prezidentin Ağcabədi səfəri: Aqropark, yarımstansiya, hərbi şəhərcik – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
Onlar ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.
“Ağcabədi taxıl Aqropark”ı müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsidir.
Aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib.
Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.
Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.
“Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib.
Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.
Ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 721 ton məhsul – 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb. Cari ildə aqroparkda 466 hektar sahədə pambıq, 100 hektarda popkorn, 1177 hektarda qarğıdalı, 146,5 hektarda buğda, 1050,45 hektarda arpa, 10 hektarda isə yonca əkilməsi nəzərdə tutulur.
Bu aqropark ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində rol oynayacaq.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını da edib.
40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.
İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi”yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.
İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.
Yenidən qurulan yarımstansiya “Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.
Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında da iştirak ediblər.
Hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib.
Binalar zəruri mebel və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Prezident, Ali Baş Komandan hərbi şəhərcikdə qərargah, əsgər yataqxanaları, tibb məntəqəsi və yeməkxana ilə tanış olub.
İlham Əliyev və Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.
Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.
Respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.
Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.