Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – Bir sıra sənədlər imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.
Dalğatv “APA”ya istinadən xəbər verir ki, görüş zamanı Şeyx Tahnun bin Zayed Al Nəhyan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirib və onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsindən məmnunluq ifadə olunub.
Qeyd edilib ki, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentləri arasındakı dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşləri mühüm rol oynayır.
Tərəflər, həmçinin BƏƏ-dən geniş nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd ediblər.
Görüşdən sonra Prezident İlham Əliyev və Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə Azərbaycan və BƏƏ arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Mərasimdə bərpaolunan enerji, investisiya, mədən sənayesi, süni intellekt, yüksək performanslı hesablama infrastrukturu və enerji sahələrində əməkdaşlığı əhatə edən sənədlər imzalanıb.
Sənədlər arasında “Masdar” və “AGEC” arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına dair əməkdaşlıq sazişi, Azərbaycan İnvestisiya Holdinqi ilə “L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq sazişi, “AzerGold” QSC ilə “Terra Mining Ltd” arasında Naxçıvan Muxtar Respublikasında mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatına dair saziş yer alıb.
Bundan başqa, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “GROUP 42 Holding Ltd” arasında ölkədə data mərkəzinin, yüksək performanslı hesablama və süni intellekt infrastrukturunun inkişafına dair Anlaşma Memorandumu, İqtisadiyyat Nazirliyi ilə “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” QSC ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
Həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında 315 MVt gücündə Neftçala Günəş Fotovoltaik Layihəsi üzrə maliyyə bağlanışının baş tutmasını təsdiqləyən sənəd imzalanıb.
