“The New York Times”: Kanadada oğurlanan avtomobillər Gürcüstan üzərindən Rusiyaya aparılır
Kanadada oğurlanan avtomobillərin Gürcüstan da daxil olmaqla bir sıra ölkələr üzərindən Rusiyaya qaçaqmalçılıq yolu ilə aparıldığı bildirilir.
Dalğatv xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İnterpol və Kanada hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən yazıb.
Məlumata görə, oğurlanmış avtomobillərin Rusiyaya daşınmasında əsas tranzit istiqamətlərindən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bununla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Litva üzərindən keçən marşrutların da müəyyən edildiyi bildirilir.
İnterpolun məlumatına əsasən, 2024-cü ilin fevralından 2026-cı ilin iyulunadək Rusiyada Kanadada oğurlanmış 4 798 avtomobilin aşkar edilməsi ilə bağlı bildiriş qeydə alınıb.
NYT yazır ki, Kanadada ən çox oğurlanan avtomobillər arasında “Ford F-150”, “Dodge Ram” və “Toyota Tundra” kimi pikaplar yer alır. Nəşrin məlumatına görə, avtomobillər Kanadadan əsasən yük konteynerlərində çıxarılaraq müxtəlif tranzit marşrutları ilə Rusiyaya çatdırılır.
Məqalədə Qərbin Rusiyaya tətbiq etdiyi ixrac məhdudiyyətləri fonunda yolsuzluq avtomobilləri və pikaplara tələbatın davam etməsinin bu sahədə beynəlxalq cinayət şəbəkələrinin fəaliyyətini genişləndirdiyi qeyd olunur.
