Krit adası yaxınlığında miqrant qayığı qəzaya uğrayıb: 1 nəfər ölüb, 20-yə yaxın şəxs itkin düşüb
Liviyadan Yunanıstanın Krit adasına doğru hərəkət edən miqrant qayığının su alması nəticəsində bir nəfər həlak olub, 20-yə yaxın şəxs itkin düşüb.
Dalğatv “AZƏRTAC”a istinadən xəbər verir ki, Yunanıstanın “Kathimerini” nəşri ölkənin Sahil Mühafizəsinə istinadən hadisənin Krit adasından təxminən 75 kilometr cənubda baş verdiyini bildirib.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində indiyədək 51 nəfər xilas edilib. Əməliyyata Yunanıstan Sahil Mühafizəsinin patrul katerləri, helikopter, pilotsuz uçuş aparatı, eləcə də hadisə rayonunda olan kommersiya gəmiləri cəlb olunub. Avropa İttifaqının sərhəd agentliyi “Frontex” də axtarış-xilasetmə işlərində iştirak edir.
İlkin məlumata görə, hadisə zamanı qayığın göyərtəsində 77 nəfər olub. İtkin düşən şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Şərqi Liviyadan Krit və Gavdos adalarına uzanan Aralıq dənizi marşrutu son dövrlərdə Avropaya qeyri-qanuni miqrasiya üçün fəal istifadə olunan istiqamətlərdən birinə çevrilib.
Miqrantların bu marşrut üzrə səfərləri əksər hallarda normadan artıq sərnişin daşıyan və təhlükəsizlik tələblərinə cavab verməyən qayıqlarla həyata keçirildiyindən ciddi insan tələfatı riski yaradır.
Yunanıstan və Avropa İttifaqının müvafiq qurumları son aylarda Krit istiqamətində artan miqrasiya axınının idarə olunmasını əsas çağırışlardan biri kimi qiymətləndirirlər.
