Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Bişkekdə görüşüblər

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Dalğatv “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı Məsud Pezeşkian Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb.

İran Prezidenti ölkəsinin üzləşdiyi mövcud vəziyyətdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi mövqenin və dəstəyin, verdiyi başsağlığının, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib və buna görə təşəkkürünü ifadə edib.

Məsud Pezeşkian Azərbaycanla münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək, Tehran administrasiyasının bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycan-İran münasibətlərinin dostluq və qardaşlıq xarakteri daşıdığını, İranın bütün qonşu dövlətlərlə yaxşı münasibətlərin inkişaf etdirilməsinə önəm verdiyini bildirib.

Prezident İlham Əliyev isə İranın üzləşdiyi mövcud şəraitdə Azərbaycanın göstərdiyi yardımın qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanın İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey