20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq
Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 min 689 abituriyentdən 34 min 150-si ali və ya peşə təhsili proqramlarına qəbul olunub.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin (NAEC) yaydığı məlumata görə, qəbul olunanların 20 min 679-u, yəni 60,55 faizi dövlət tərəfindən tam maliyyələşdiriləcək.
Dövlət hesabına təhsil alacaq şəxslərin 17 min 862-si bakalavr, 1 322-si peşə təhsili, 1 495-i isə gürcü dili hazırlıq proqramlarına qəbul olunub.
NAEC-in məlumatına əsasən, 1 795 abituriyent minimal səriştə həddini keçsə də, seçdikləri proqramlar üzrə yüksək rəqabət səbəbindən heç bir təhsil proqramına qəbul ola bilməyib. Daha 3 min 744 abituriyent isə bir və ya bir neçə fənn üzrə müəyyən edilmiş minimal səriştə həddini keçə bilməyib.
Mərkəz abituriyentlərə müraciət edərək bildirib ki, qəbul prosesində onların topladıqları bal və seçdikləri proqramlar üzrə mövcud rəqabət nəzərə alınmalı, zərurət yarandığı halda prioritet siyahısında müvafiq dəyişikliklər edilməlidir.
Abituriyentlər apellyasiya nəticələri dərc edildikdən sonrakı gün saat 18:00-dək şəxsi səhifələri vasitəsilə proqramlar üzrə prioritetlərini dəyişə, həmçinin siyahıya yeni bakalavr və peşə təhsili proqramları əlavə edə bilərlər.
Qeyd edək ki, Gürcüstanda ali təhsil sistemində aparılan islahatdan əvvəl dövlət təhsil qrantları abituriyentlərin vahid milli imtahanlarda göstərdikləri nəticələrə əsasən təhsil haqqının 50, 70 və ya 100 faizi həcmində verilirdi.
2013–2025-ci illərdə tam, yəni 100 faizlik dövlət təhsil qrantı qazanan abituriyentlərin sayı ali məktəblərə qəbul olunanların ümumi sayının 2,90–3,84 faizini təşkil edib.
