Ukrayna Rusiyada “Ozon”un iri logistika mərkəzini vurub
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində “Ozon” şirkətinə məxsus logistika mərkəzinə zərbə endirib.
“Dalğatv” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, ikili təyinatlı məhsulların saxlanıldığı logistika mərkəzlərinə sistemli zərbələrin endirilməsi Rusiyanın logistika imkanlarını məhdudlaşdırır və ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Ukrayna Müdafiə Nazirliyi, həmçinin “Wildberries” şirkətinə məxsus 15 iri logistika mərkəzinin vurulmasından sonra növbəti hədəfin “Ozon” şirkətinin infrastrukturu olduğunu bildirib.
“Ozon” şirkəti Çapayevsk şəhərində yerləşən logistika mərkəzinin pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını təsdiqləyib. Məlumata görə, hücum nəticəsində kompleksin ərazisində yanğın baş verib.
Bildirilib ki, Çapayevskdə yerləşən logistika mərkəzinin ümumi sahəsi təxminən 135 min kvadratmetrdir. Obyekt Volqa regionunun ən iri anbar-logistika komplekslərindən biri hesab olunur.
