İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı iqtisadi təzyiq siyasətini tənqid edərək bunu “təbliğat xarakterli iqtisadi müharibə” adlandırıb.
“Dalğatv”-nin “APA”-ya istinadən məlumatəna görə Möhsün Rzayi bildirib ki, ABŞ-nin həyata keçirdiyi siyasət təkcə İrana deyil, eyni zamanda ABŞ-nin özünə, onun müttəfiqlərinə və qlobal ticarət sisteminə də ciddi zərər vurur.
Onun sözlərinə görə, neft tankerlərinin fəaliyyətinin məhdudlaşması, eləcə də yanacaq və daşınma xərclərinin artması beynəlxalq ticarətdə logistika risklərinin yüksəlməsinə səbəb olub.
İran rəsmisi vurğulayıb ki, Vaşinqtonun iqtisadi təzyiq siyasəti İranda gözlənilən nəticəni verməyəcək. Rzayinin sözlərinə görə, ABŞ hərbi təzyiq vasitəsilə məqsədinə nail ola bilmədiyi üçün hazırda iqtisadi təzyiq alətlərindən daha geniş istifadə etməyə çalışır.
Möhsün Rzayi region ölkələrini İrana qarşı yönəlmiş iqtisadi təzyiqlərə qoşulmamağa çağırıb. O xəbərdarlıq edib ki, belə addımlar region üçün ciddi nəticələrə səbəb ola bilər.
Rzayi, həmçinin İranın Hörmüz boğazına nəzarət etdiyini bildirib və boğazın açılması ilə bağlı Tehranın şərtlərinin ABŞ tərəfinə çatdırıldığını qeyd edib.
