Kaladze: Tbilisini iki aylıq çətin dövr gözləyir
Tbilisi meri Kaxa Kaladze paytaxt sakinlərini Rustaveli prospektində aparılan genişmiqyaslı bərpa işləri ilə əlaqədar qarşıdakı iki ay ərzində səbirli olmağa çağırıb.
“Belə miqyaslı layihəni şəhərin ümumiyyətlə narahatlıq hiss etməməsi şəraitində həyata keçirmək mümkün deyil. Buna görə də xahişimiz budur ki, hamımız birlikdə iki ay səbir edək. Nəticədə uzun illər ərzində hamımızın fəxr edəcəyi bir nəticə əldə edəcəyik”, – deyə Kaladze bildirib.
“Dalğatv” xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze bu barədə paytaxtın mərkəzi küçələrindən biri olan Rustaveli prospektində həyata keçirilən bərpa işlərindən danışarkən bildirib.
Mer video müraciətində qeyd edib ki, görülən işlər kifayət qədər genişmiqyaslıdır. Bu səbəbdən sentyabr ayından etibarən təxminən iki ay ərzində Tbilisidə, xüsusilə nəqliyyatın hərəkəti baxımından müəyyən çətinliklərin yaşanacağı gözlənilir.
Kaladzenin sözlərinə görə, yaranacaq narahatlıq müvəqqəti xarakter daşıyır və görülən işlərin əsas məqsədi paytaxtın əsas prospektlərindən biri olan Rustavelinin əsaslı şəkildə yenilənməsidir.
Mer bildirib ki, Tbilisi meriyası nəqliyyat yükünün mümkün qədər azaldılması məqsədilə alternativ hərəkət sxemlərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində maksimum səy göstərir. Eyni zamanda, hərəkətin təşkili ilə bağlı bütün dəyişikliklər və qəbul ediləcək qərarlar barədə vətəndaşlara əvvəlcədən məlumat veriləcək.
Kaxa Kaladze vurğulayıb ki, şəhərin inkişafı və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi müəyyən çətinliklərlə müşayiət olunur və bunun üçün əmək, səbir və bəzən sərt qərarlar tələb olunur.
