Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1284
DünənDünən3267
Bu həftəBu həftə19567
Bu ayBu ay63035
Bu günə qədərBu günə qədər2690713

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

“SOCAR Georgia Gas”: Gürcüstan hökuməti qarşısında götürülən öhdəliklər yerinə yetirilib

"SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri artıqlaması ilə yerinə yetirib".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov deyib.

O bildirib ki, şirkət Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin icrası ilə bağlı 10 illik hesabat hazırlayıb: "Hesabat üzərində tamamlama işləri aparılır. Bu ayın sonunda sənəd Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə təqdim olunacaq".   

Qeyd edək ki, SOCAR və Gürcüstan hökuməti arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən, qonşu ölkənin 30 qazpaylayıcı təsərrüfat və şəbəkəsi şirkətin idarəçiliyinə verilib.

SOCAR Gürcüstanın 80%-dən çoxunu təbii qazla təmin edir. 2008-2016-cı illərdə "SOCAR Georgia Gas" şirkəti 800 yaşayış məntəqəsini təbii qazla təmin edib. Hazırda şirkətin 600 minə yaxın abunəçisi var.

Gürcüstanda Azərbaycan qazının satış həcmi 7 dəfə artıb

"Gürcüstanda ərazisində Azərbaycan qazının satış həcmi və abunəçi bazası 7 dəfə artıb".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu "SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədov "Georgian Business Consulting" nəşrinə deyib.

O bildirib ki, Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin müddəti 10 dekabr 2017-ci il tarixində bitib və bu ayın sonunda sənədin icrası ilə bağlı 10 illik hesabat təqdim olunacaq.   

A.Məmmədov əlavə edib ki, cari il üzrə şirkətin bir çox planları var: “Prioritet institusional islahatlarla yanaşı təşkilatı strukturu inkişaf etdirməkdir. Azərbaycandakı baş ofis və yerli tənzimləyicilər bunu tələb edir”.

Şirkət rəhbəri keyfiyyətə nəzarət və paylayıcı şəbəkənin idarə olunmasında Avropa standartlarının tətbiqində üstünlüklərin əldə olunduğunu qeyd edib. 

SOCAR Vyanada keçiriləcək Avropa Qaz Konfransında iştirak edəcək

SOCAR rəsmisi yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) iştirak edəcək.

Bu barədə APA-Economicsə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

O bildirib ki, hazırda SOCAR XI Avropa Qaz Konfransı çərçivəsində görüş və müzakirə imkanlarını nəzərdən keçirir.

Energetika Nazirliyindən isə APA-Economicsə bildiriblər ki, nazirliyin nümayəndələri XI Avropa Qaz Konfransında iştirak etməyəcək.

Xatırladaq ki, yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı keçiriləcək. 430-dan çox nümayəndənin iştirak edəcəyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 8,4 dəfə artırıb

2017-ci ildə Gürcüstanda elektrik enerjisinin idxalı 1 mlrd. 497,2 mln. kv/saat təşkil edib.

APA-nın yerli bürosu “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına istinadla xəbər verir ki, ötən il qonşu ölkəyə ən çox (917,6 mln. kv/saat) Azərbaycandan elektrik enerjisi idxal olunub. Bu göstərici 2016-cı illə müqayisədə 8,4 dəfə çoxdur.

Ötən il Gürcüstan Rusiyadan 452,2 mln kv saat, Ermənistandan isə 127,4 mln. kv/saat elektrik enerjisi idxal edib.

Gürcüstandan elektrik enerjisinin ixracı isə 685,7 mln. kv/saat təşkil edib. Türkiyəyə 284,5 mln kv/saat, Rusiyaya 261,9 mln kv/saat, Azərbaycana 1,7 mln. kv/saat, Ermənistana isə 137,5 mln. kv/saat elektrik enerjisi çatdırılıb.

Gürcüstan ərazisindən tranzit vasitəsilə 254 mln. kv/saat elektrik enerjisi ötürülüb. 205,1 mln. kv/saat Azərbaycandan Türkiyəyə, 42,2 mln. kv/saat Rusiyadan Ermənistana, 6,7 mln. kv/saat isə Rusiyadan Türkiyəyə çatdırılıb.

SOCAR İBM şirkəti ilə birgə müəssisə yaradıb

SOCAR və IBM şirkəti Caspian Innovation Center adlı birgə müəssisə yaradıb.

SOCAR-dan APA-Economicsə verilən məlumata görə, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.

SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcək.

“Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə - neft-qaz sənayesinin fövqünə qaldırırıq”, - deyə SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib.

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcək.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, - deyə IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi vurğulayıb.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

Ötən il Gürcüstan turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə görə, bu, 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

Ötən il qonşu ölkənin turizmdən ən çox gəliri iyul, avqust və sentyabr aylarının payına düşüb. İyul ayında gəlir 379 mln., avqustda 395 mln., sentyabrda isə 307 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur.

Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məbləğin 28 272 634 larisi seçkinin keçirilməsi, 1 002 300 larisi seçkilərə hazırlıq, 2 242 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
 

Gürcüstanda prezident seçkisi oktyabr ayında keçiriləcək. 

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

APA-nın yerli bürosunun Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb. 

Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə start verilib

Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisinə rəsmən start verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.

G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: “Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın “İpək yolu” xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək.”.

Yeni “İpək yolu”nun bir hissəsi olacaq Anaklia limanının tikintisinin 2020-ci ildə başa çatacağı gözlənilir. İlkin mərhələdə layihəyə 540 milyon dollar investisiya qoyulacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək.

Qeyd edək ki, ötən ay Tbilisidə Anaklia limanı və Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan və Gürcüstan arasında vergi sistemlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq müzakirə edilib

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Görüşdə vergi sistemlərinin təkmilləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər vergilər sahəsində qarşılıqlı dəstək və operativ məlumat mübadiləsi barədə də fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin vergilər sahəsində təcrübə mübadiləsi məqsədilə Gürcüstana səfər edəcəyi barədə razılıq əldə olunub.

Nazir: “Azərbaycan Gürcüstanın əsas investorudur”

“Azərbaycan Gürcüstanın əsas investorudur”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili parlamentdə keçirilən dinləmələrdə deyib.

Nazir bildirib ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar 378,2 milyon dollar təşkil edib ki, bu da ümumi xarici investisiyaların 28,1%-ni təşkil edib. 

D.Kumsişvili deyib ki, cari ilin 9 ayı ərzində Gürcüstanda birbaşa xarici investisiyaların həcmi rekord həddə çatıb: “Bu dövrdə xarici investisiyalar 1 milyard 346,5 milyon dollar təşkil edib. Bununla yanaşı, 2017-ci ilin üçüncü rübündə xarici investisiyalar 17,6% artaraq 594,5 milyon dollar olub”.

Nazir əlavə edib ki, 2017-ci ilin sonunda birbaşa xarici investisiyaların həcminin 1 milyard 600 milyon dollara çatacağı gözlənilir.

Millət vəkili: “Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verir”

“Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb ki, bu da Ermənistanda bu il gözlənilən birbaşa xarici sərmayələrin həcmindən 3 dəfə çoxdur”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Əli Məsimli deyib.

O bildirib ki, Azərbaycan həm investisiyalarla, həm də regionda həyata keçirilən layihələrlə Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verir. 

Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması təklifini şərh edən millət vəkili deyib ki, bu təklifi mütləq reallaşdırmaq lazımdır. “Gürcüstanda  Azərbaycan Ticarət Evinin olmasını çox vacib hesab edirəm. Bu, həm azərbaycanlılar və gürcülərin bir-birinə daha da yaxınlaşması, həm də iki ölkə arasında ticarət əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcək. Ticarət evi həmçinin Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları, xüsusən də aqrar sənaye məhsullarının ixracının artırılmasına töhfə verəcək”.

Saytda Axtarış

Son xəbərlər