Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün777
DünənDünən1983
Bu həftəBu həftə7722
Bu ayBu ay45460
Bu günə qədərBu günə qədər7472794

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

SOCAR "Qazprom"dan qaz alınmasına aydınlıq gətirib

“SOCAR-ın və Azərbaycanın böyük qaz anbarı potensialı mövcuddur. Həmin potensialdan istifadə etmək məqsədilə xarici ölkələrdən, o cümlədən də Rusiyadan qaz alınır”.

Bunu "APA-Economics”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın Rusiyanın “Qazprom” şirkətindən 1,6 mlrd. kubmetr həcmində qaz alması ilə bağlı əldə olunmuş razılığa aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu anbarlar xaricdən müxtəlif həcmlərdə qaz almağa imkan verir: “Bu qaz həcmləri sonradan zəruriyyətə və ehtiyaca görə istifadə olunacaq”.

SOCAR rəsmisi bildirib ki, alınan qaz xarici bazara da ixrac edilə, daxili bazarda emal və sair məsələlər üçün də istifadə oluna bilər.

Xatırladaq ki, SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.

Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.

SOCAR hasil etdiyi qazın həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4,999 mlrd. kubmetr həcmində qaz hasil edib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu həcmin 541,2 mln. kubmetri oktyabr ayının hasilatının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi 23 667,4 mln. kubmetr təşkil edib. Bu həcmin isə 2 549,3 mln. kubmetri oktyabr ayında hasil edilib.

Gürcüstan hökumətində struktur və kadr islahatları gözlənir

Gürcüstanda hökumətin tərkibində struktur və kadr islahatlarının olacağı gözlənilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dəyişikliklərə əsasən, bir neçə nazirliyin birləşdirilməsi nəzərdə tutulub.

Yenilənmiş hökumətdə 2 yeni nazirin yer alacağı da gözlənilir. Yayılan məlumatlara əsasən, Gürcüstanın Energetika Nazirliyi ləğv olunaraq İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdiriləcək  və yeni daxili işlər naziri təyin olunacaq. Mövcud 18  nazirlikdən 13-nün qalacağı gözlənilir.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sabah hökumətdə dəyişikliklərlə bağlı bəyanatla çıxış edəcək. 

Azərbaycan və Acarıstan arasında birgə turizm paketlərinin hazırlanması müzakirə olunub

Azərbaycanın turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər ediblər.

APA-nın yerli bürosunun məlumatına əsasən, Acarıstan Turizm Departamentinin dəvəti ilə baş tutan səfər çərçivəsində azərbaycanlı turizm menecerləri Acarıstanın otel infrastrukturu və turizm obyektləri ilə tanış olublar.

Azərbaycandan olan nümayəndələr Acarıstanın turizm imkanları barədə təqdimatla tanış olublar. Yerli turizm şirkətləri ilə keçirilmiş görüşlərdə Azərbaycan və Acarıstan arasında birgə turizm paketlərinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Acarıstana səfər edən əcnəbi ziyarətçilərin sayına görə Azərbaycan ikinci yerdədir. Bu ilin 10 ayı ərzində Azərbaycandan Acarıstana səfər edənlərin sayı 137 304 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 42% çoxdur.

SOCAR-ın Gürcüstandakı terminalından nəql artıb

SOCAR-a məxsus olan Kulevi Neft Terminalı cari ilin yanvar-sentyabr aylarında 1,3 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.


APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 mln. ton çoxdur.


9 ay ərzində qonşu ölkənin dəniz liman və terminalları 12,1 mln. ton yük emal edib.


Hesabat dövründə Poti limanı 5 mln. ton, Batumi limanı 3,1 mln. ton, Supsa neft terminalı isə 2,7 mln. ton yük emal edib.

SOCAR Supsa limanından 2 mln. ton neft ixrac edib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 2 013 209 ton xam neft ixrac edib.

Dalga tv SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 261 397 tonu oktyabr ayında ixrac olunub.

Bu ilin 10 ayında Supsa limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 5,1% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Oxu.Az-ın məlumatına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bunun ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov külünglə dəmir yoluna son mıxları vuraraq, Qazaxıstandan gələn 32 konteynerdən ibarət ilk yük qatarını yola salıblar.

Gürcüstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi mövcud iqtisadi reallığı dəyişəcək"

"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qarslayihəsi böyük diqqətə layiqdir".

APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

Gürcüstanın baş naziri bildirib ki, layihə mövcud iqtisadi reallığı dəyişəcək: "Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir. Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq".

Giorgi Kvirikaşvili qeyd edib ki, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir: "Yeni limanlar tikilir, yollar müasirləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu layihənin ərsəyə gəlməsində böyük rol oynayıb".

Baş nazir nəzərə çatdırıb ki, noyabrın 28-29-da Tbilisidə İpək Yolu sammiti keçiriləcək: "Biz şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq".

Azərbaycan prezidenti: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur"

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".

APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bu, tarixi, strateji əhəmiyyətli layihədir: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib".

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik".

Gürcüstanda iqtisadi artım 5%-ə çatıb

2017-ci ilin sentyabr ayında Gürcüstanda ÜDM-in artım tempi 5% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ilk doqquz ayı ərzində ÜDM-in artım tempi 4,7%-ə çatıb.

Sentyabr ayının digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 0,7% olub. İstehlak qiymətləri isə avqust ayı ilə müqayisədə 2% artıb. Qonşu ölkənin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,1% artıb.

Sentyabr ayında Gürcüstanda 4067 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 0,4% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 863,6 mln. lari, xərcləri isə 757,9 mln. lari təşkil edib.

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

Özbəkistan Bakı-Tbilisi-Qarsdəmir yolu ilə yüklərin daşınmasına maraq göstərir.

APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Özbəkistan baş nazirinin müavini Nodir Otajonov Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili ilə görüşdə deyib. Tərəflər arasında görüş Qazaxıstanda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Avrasiya həftəsi 2017” tədbiri çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasında tranzit sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Tərəflər  ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutacaq.

Dmitri Kumsişvili ikinci "CEO Lunch Tbilisi"də iştirak edəcək

Oktyabrın 27-də Gürcüstanda keçiriləcək ikinci CEO Lunch Tbilisi-yə iştirakçıların qeydiyyatı davam edir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 26-dək açıq olacaq. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır: http://www.caspianenergy.org/index.php/ceo-lunch/item/125-ceo-lunch-tbilisi-gruziya-27-10-2017

"Fəxri qonaq qismində tədbirdə Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Tabuaşvili, maliyyə nazirinin müavinləri Laşa Xutsişvili, Nikolaz Qaqua, Giorgi Kakauridze iştirak edəcəklər", - deyə T. Əliyev bildirib.

T. Əliyev "CEO Lunch Tbilisi"nin hər bir iştirakçı şirkəti ilə şəxsən söhbət edən, onların problemləri ilə maraqlanan və Azərbaycanla Gürcüstan arasında ikitərəfli iqtisadi və işgüzar münasibətlərin nizamlanmasına dair onların təkliflərini dinləyən Azərbaycanın Gürcüstandakı səfirinin şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O həmçinin xatırladıb ki, birinci "CEO Lunch Tbilisi" sentyabrın 29-da Gürcüstanda "Caspian Energy Georgia"nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə təşkil olunub. Üçüncü "CEO Lunch Tbilisi" dekabrın 1-də baş tutacaq. T. Əliyev 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyi ilə 5-ci Beynəlxalq "Caspian Energy Forum"un keçiriləcəyini əlavə edib. Forumun açılışında Gürcüstanın baş nazirinin iştirakı planlaşdırılır.

"Networking"in aparıcı vasitəsi olan "CEO Lunch" şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. O qeyd edib ki, "Caspian European Club" və "Caspian American Club" (CEİBC) şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə "CEO Lunch" təşkil edir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. "Caspian European Club" dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

Saytda Axtarış

Son xəbərlər