Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün249
DünənDünən859
Bu həftəBu həftə2596
Bu ayBu ay51292
Bu günə qədərBu günə qədər7478626

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Tbilisidə BTQ layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə (Gürcüstan) Bakı-Tbilisi-Qars(BTQ) dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-dən "APA-Economics"ə verilən məlumata görə, iclasda Gürcüstan baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolunun və digər regional layihələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevlə son görüşünü xatırladıb, dövlət başçısının BTQ layihəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

İclasda iştirak edən Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev isə bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı BTQ və digər layihələr iki xalqın rifahının yaxşılaşmasına xidmət edir: "İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, onun Asiya ilə birləşməsində mühüm rol oynayacaq".

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma işləri və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2018-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yolunun yeni bərpa və yenidənqurma işləri, Axalkaliki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. Həmçinin, Koordinasiya Şurasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Xarici İşlər, Maliyyə Nazirliklərinin məsul əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Gürcüstana avtomobillə daxil olan əcnəbilərdən sığorta tələb olunacaq

Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.
 

Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.  
 

Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimələnəcək. 

“SOCAR Polymer” zavodunda ilk dəfə sınaq məqsədi ilə polipropilen məhsulu istehsal olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə "SOCAR Polymer" zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, Sumqayıta işgüzar səfəri çərçivəsində, SOCAR-ın prezidenti "Azərikimya" İB, "SOCAR Karbamid" və "SOCAR Polymer"müəssisələrində baxışlar keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib.

SOCAR-ın “Azərikimya” İB-də hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. Azərkimya İB üzrə yenidənqurma işlərin tamamlanması 2019-cu ildə nəzərdə tutulur.

“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul - ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimlərdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılıb. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsi ilə təmin olunacaq.

Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlıqların baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilmiş və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub.

R. Abdullayev bildirib ki, Sumqayıtda kimya sənayesinin dirçəlişi ölkəmiz üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir: "Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. "SOCAR Karbamid", "SOCAR Polymer", Türkiyədə STAR Neft Emalı Zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq."

Son illərdə regionda tikilən ən böyük kimya müəssisələri "SOCAR Polymer" və "SOCAR Karbamid" artıq cari ildə istismara veriləcək. SOCAR-ın kimya sənayesində həyata keçirdiyi layihələrin bir xüsusiyyəti də bundan ibarətdir ki, bu müəssisələr SOCAR-ın digər müəssisələri ilə dəyər zəncirində birlik təşkil edəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu və "SOCAR-Polymer"in iki qurğusu ilə dəyər zənciri üzrə calaşdırılacaq, bu da istehsalatın daha da səmərəli təşkil olunması üçün zəmin yaradacaq. Həmçinin Türkiyədəki STAR Neft Emalı Zavodu SOCAR-ın digər strateji aktivi olan Petkim kompleksinin xammal təchizatına töhfə verməklə hər iki müəssisəni vahid dəyər zəncirində

birləşdirəcək.

Azərbaycan Gürcüstanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsini öyrənir

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Milli Qida Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə agentliyin nümayəndələri azərbaycanlı həmkarlarını qurumun əsas fəaliyyət istiqamətləri və bu sahədə mövcud qanunvericiliklə tanış ediblər. Qeyd olunub ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yeni yaradılıb və Gürcüstanın bu sahədəki təcrübəsi Azərbaycan üçün maraqlıdır.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstana üç günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə tanış olacaq.

Nümayəndə heyətinin Gürcüstanın regionlarına səfərləri də planlaşdırılıb.

Dmitri Kumsişvili: “Gürcüstan Transxəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsini dəstəkləyir”

"Gürcüstan Transxəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsini dəstəkləyir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşdə bildirib.

D.Kumsişvilinin Türkiyəyə işgüzar səfəri çərçivəsində baş tutmuş görüşdə qeyd olunub ki, Transxəzər nəqliyyat dəhlizinin inkişafı üçün birgə səylərin davam etdirilməsi çox vacibdir.

Gürcüstanlı nazir qeyd edib ki, orta dəhlizin inkişafı yalnız ölkələr üçün deyil, bütün region üçün önəmlidir. 

O, orta dəhlizə daha çox yükləri cəlb edəcək layihələri vurğulayıb. Nazir bu layihələrə Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının modernləşdirilməsi, Şərq-Qərb avtomagistralının tikintisi, Tbilisi və Kutaisidə loqistik mərkəzlərin inşası və Anaklia dərin dəniz limanının tikintisinin daxil olduğunu bildirib.

Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfədən çox artıb

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 7 mln. 399.4 min dollar dəyərində 402 ədəd avtomobil idxal edilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 337 ədəd və ya 6,18 dəfə çoxdur. Məbləğ baxımından isə 5 mln. 389,8 min dollar və ya 3,68 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayı ərzində Gürcüstandan xarici ölkələrə 2 mln. 9,6 min dollar dəyərində 65 ədəd avtomobil göndərilib.

Ümumilikdə isə ötən ay Gürcüstandan xarici ölkələrə 15 mln. 689.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 7%-nə bərabərdir. 2017-ci ilin yanvar ayında bu rəqəm 10 mln. 814.9 min dollar dəyərində olub. 

Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda "Cənub Qaz Dəhlizi"ni müzakirə etdi

Azərbaycan, Türkiyə və Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması üçün işə davam edəcək.

müvafiq sənəd Bakıda keçirilən nazirlərin  iclasında imzalanıb.

Deklarasiyada imza atan tərəflərin  ətraf mühitin qorunması istixana qazlarının azaldılması, enerji mənbələrinin diversifikasiyası, Avropa energetika təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi kimi vacib aspektlərin reallaşdırılmasına hazır olduqları bildirilib.

Tərəflər eyni zamanda "Şahdəniz" qaz yatağının işlənməsi üçün ikinci mərhələyə siyasi dəstək verdiklərini bildiriblər. Gürcüstanın nümayəndəsi Kumsişvili qeyd edib ki, bu layihə Gürcüstanın iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün vacib addımdır.

 

İclasda iştirak edən tərəflər strateji münasibətlərin dərinləşməsi və regional əməkdaşlığın vacibliyini də qeyd ediblər. Rəsmilər qeyd ediblər ki, layihə nəzərdə tutulmuş vaxtda başa çatacaq və Avropa 2020-ci ildə Azərbaycan qazını əldə edə biləcək.

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycan prezidenti İlham Əliyev, türkiyəli və azərbaycanlı həmkarları ilə də görüşlər keçirib.

"Cənub Qaz Dəhlizi" Bakı-Tiflis-Ərzurum qaz kəmərinin davamıdır.

İlkin mərhələdə "Şahdəniz" yatağından çıxarılan qaz emal ediləcək. Bu qaz, "Cənub Qaz Dəhlizi"nin əsas mənbəyi sayılacaq. Növbəti mərhələlərdə isə digər mənbələr də layihəyə qoşula bilər.

"Fitch": "2019-2020-ci illərədək SOCAR-ın kapital xərcləri 2 milyard manata yaxın azalacaq"

"İri layihələr və Türkiyədəki STAR neft emalı zavodunun inşası başa çatana qədər SOCAR-ın kapital xərcləri 2018-ci ilədək yüksək olaraq qalacaq".

"APA-Economics" xəbər verir ki, bu, beynəlxalq reytinq agentliyi "Fitch"in SOCAR-a verdiyi reytinqi ilə bağlı yaydığı məlumatda yer alıb. Agentliyin mütəxəssisləri hesab edir ki, yüksək neft qiymətləri və dövlət tərəfindən bu il üçün 1,9 mlrd. dollar subsidiyanın verilməsi gələcəkdə SOCAR-ın ümumi borcunun artmasını məhdudlaşdıracaq. 

"İri layihələr və Türkiyədəki STAR neft emalı zavodunun inşası başa çatması 2019-2020-ci illərədək SOCAR-ın kapital xərclərini 2 milyard manatadək azaldacaq", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 2017-ci ildə SOCAR-ın xərcləri 4,3 mlrd. manat təşkil edib.

"Stadler” şirkəti Gürcüstanda zavod inşa edəcək

İsveçrənin "Stadler Rail AG" şirkəti Gürcüstanda vaqon istehsalı və təmiri zavodu inşa edəcək.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə şirkətin prezidenti Peter Şpulerlə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili arasında keçirilmiş görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, zavod "Gürcüstan Dəmir Yolları" şirkətini və Tbilisi metrosunu vaqonlarla təmin edəcək. Müəssisə ixrac sifarişləri də qəbul edəcək.

Zavodun inşası üçün Tbilisi ətrafında yerləşən torpaq sahələri nəzərdən keçirilir.

Qeyd edək ki, ötən il "Stadler Rail AG" şirkəti Gürcüstana investisiya yatırmağa maraq göstərib. Bununla bağlı şirkətlə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

Gürcüstanda inşa olunacaq NEZ-in illik gücü 4 mln. ton təşkil edəcək

Gürcüstanda cari ilin yarısında inşasına başlanacaq neft emalı zavodu (NEZ) il ərzində 4 mln. ton xammal emal etmə gücünə malik olacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə zavodu inşa edəcək "Phasis Oil" şirkətinin hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, investisiya dəyəri 1 mlrd. lariyə (409 mln. dollar) yaxın olan NEZ-də 350 işçi çalışacaq. Zavodun tikintisinə isə 600-700 nəfər cəlb olunacaq.

Hesabata əsasən, NEZ-in inşasının bir neçə istiqamətlər üzrə mühüm iqtisadi faydaları var: "Zavod Gürcüstana neft məhsullarının idxalını azaltmağa, ixracını isə artırmağa və yeni iş yerlərinin yaradılmasına imkan verəcək".

Qeyd edək ki, Gürcüstanın Kulevi kəndində NEZ-in tikintisi ilə bağlı imzalanmış sənədə əsasən, tikinti işləri 31 dekabr 2019-cu il tarixinə qədər başa çatdırılmalıdır. Zavodda "Avro-5" standartlarına cavab verəcək neft məhsullarının istehsalı nəzərdə tutulub. İnvestor olan "Phasis Oil" şirkətinin  sahibi İsveçrədə qeydiyyata alınmış "Streamtrade SA" şirkətidir. "Phasis Oil" "SOCAR Georgia Investments" şirkətinin hüquqi varisidir. 

Kulevidə SOCAR-a məxsus neft terminalı fəaliyyət göstərir. 2008-ci ilin mayında istifadəyə verilmiş terminalın illik gücü 10 mln. ton təşkil edir.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Böyük Kəsik mənzilində sürətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15 fevral tarixindən etibarən dəyişdirilir.

Bu barədə "APA-Economics"ə “Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, qatar Bakıdan saat 21:50-də yola düşməklə Tbilisiyə saat 10:30-da (10:50 əvəzinə) çatacaq: "Tbilisidən saat 20:35-də (19:45 əvəzinə) yola düşəcək və Bakıya saat 09:00-da çatacaq".

SOCAR-ın Gürcüstana hədiyyə etdiyi traktorlar istifadəyə verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana hədiyyə etdiyi "Belarus" markalı traktorların 5-i Marneuli rayonunda əkin işləri üçün istifadəyə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, traktorların təqdimat mərasimində çıxış edən Marneuli rayon icra başçısı Temur Abazov bildirib ki, SOCAR şirkəti traktorları iki il öncə təhvil verib: "Bu günə qədər onların istifadə forması müəyyənləşməmişdi. Marneulidə kənd təsərrüfatına dəstək proqramına əsasən, traktorlar kənd təsərrüfatı torpaq sahələrinin əkin prosesinə cəlb olunacaq və onlardan aztəminatlı ailələr yararlanacaqlar. İcra hakimiyyəti yerli büdcə hesabına texnikadan istifadə xərclərini qarşılayacaq".

Tədbirdə T. Abazov rəmzi olaraq yeni texnika ilə torpağın müəyyən hissəsini şumlayıb.

Tədbirdə digər rəsmi şəxslər də iştirak ediblər.

Qeyd edək ki, SOCAR Gürcüstana 10 ədəd traktor və kotanı ölkənin Kvemo Kartli bölgəsinin qubernatorluğu ilə əməkdaşlığa dair 4 mart 2016-cı il tarixində imzaladığı Memorandum çərçivəsində təqdim edib.

Saytda Axtarış

Son xəbərlər