Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1445
DünənDünən2380
Bu həftəBu həftə3825
Bu ayBu ay39128
Bu günə qədərBu günə qədər7409602

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezidentlər cüdo yarışlarına baxıblar

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar Azərbaycan komandasının 5:1 hesablı üstünlüyü ilə başa çatıb. Dörddəbir finalda Yaponiya komandasına 2:4 hesabı ilə məğlub olan millimiz təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə Niderland komandasına 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medallar uğrunda həlledici görüşə vəsiqə qazanıb.

Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi-57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi-70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi-73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi-90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.

Dörddəbir finalda Almaniya millisi ilə qarşılaşan Rusiya komandası rəqibini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa idmançılarına məğlub olan Rusiya cüdoçuları üçüncü yerlə kifayətləniblər.

 

Yarışlardan sonra Prezident İlham Əliyev Azərbaycan idmançıları ilə görüşüb.

Vladimir Putin Azərbaycandadır

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında final görüşünə baxıb

 Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın yeddinci günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri finala qədər addımlaya bilib. Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı Quram Tuşişviliyə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycanın "Azerspace-2" peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib. Dövlət başçısı deyib:

"-Əziz həmvətənlər.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün "Azərspace 2" peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: "Azərspace 1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace 2".

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda, "Azərsky" müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə "Azərsky' müşahidə peykinin xüsusi rolu var.

Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azərspace 2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun".

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq.

Bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

A.Mikeladze xaricdə olan Gürcüstan vətəndaşlarının prezident seçkisi üzrə səsvermədə iştirak qaydalarını da açıqlayıb: “Seçki hüququna malik Gürcüstan vətəndaşları xarici ölkədə səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatı və ya ünvan qeydiyyatında olmalıdırlar. Qeydiyyatı olmayan vətəndaşlar oktyabrın 7-nə qədər müvafiq diplomatik nümayəndəlik və ya konsulluq idarələrində qeydiyyatdan keçməlidirlər”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb, 6 nəfərin isə namizəd kimi qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Abdinli, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.

Bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: "Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tbilisidə yerləşməsi barədə qərar qəbul etdik".

Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.

2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.

İlham Əliyev Binəli Yıldırımla görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

Dövlətimizin başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirib.

Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri xatırlanıb və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad ölkələrimiz arasında dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.

ATƏT PA sədri Bakıdadır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan ordusu öz gücünü göstərdi

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də, digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq, qoşunların, eləcə də, idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Təlimlərdə hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərə cəlb olunan qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

 

Qənirə Paşayeva: “Türkiyənin düşməni Azərbaycanın da düşmənidir”

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyənin Hatay vilayətinin Belen rayonunda Azərbaycan prospekti və Dağlıq Qarabağ parkının açılışında iştirak edib.

Tədbirdə çıxış edən Paşayeva "Türkiyənin düşməni bizim düşmənimiz, Azərbaycanın düşməni də Türkiyənin düşmənidir. Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz də Türkiyənin gücüdür" deyib.

Birlikdə işləyərək zəfər qazanılacağını deyən Qənirə Paşayeva qeyd edib:

"Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Azərbaycan Respublikasının dəvəti ilə gəlib. Birlik və bərabərlik içində o soyqırımlar dayandırıldı. Bakı işğaldan azad edildi və Azərbaycanın paytaxtı Bakı oldu. Bu yolda bir çox şəhidlərimiz oldu".

Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, Azərbaycan qədər Türkiyənin də məsələsidir:
"Biz bu məsələdə hər zaman torpaqlarımızın işğaldan azad edilməsi üçün birlik və bərabərlik içində işləyirik. Vətənimizin hər tərəfindən Hataydan Ədirnəyə, Qarsdan İstanbula qədər babalarımız "ora bizim vətən, əziyyət çəkən bizim insanımız" fikri ilə gəliblər və həyatlarını fəda ediblər. Çanaqqalada çətin günlərdə bura gələn yüzlərlə babamız və Azərbaycana gedən babalarımız qardaşlığın təməlini qoyublar".

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanda verdiyi mesajların çox önəmli olduğunu vurğulayan Paşayeva deyib:

"Türkiyənin düşməni bizim düşmənimiz, Azərbaycanın düşməni də Türkiyənin düşmənidir. Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz də Türkiyənin gücüdür. Haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü addımlar ataraq bizə qarşı oynanılan böyük oyunların qarşısını alacağıq".

Saytda Axtarış

Son xəbərlər