Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri Zukan Helezi qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, görüş zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında, xüsusilə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki ölkənin Müdafiə nazirlikləri və müdafiə sənayesi qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Zukan Helez Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini xüsusi qeyd edib. O, Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinada müxtəlif sahələrdə fəaliyyət göstərməsinin önəmini diqqətə çatdıraraq, gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.
Prezident İlham Əliyev Bosniya və Herseqovinaya etdiyi rəsmi səfəri məmnuniyyətlə xatırlayaraq, həmin səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalandığını qeyd edib. O, Azərbaycanın bu sənədin tələblərinə uyğun olaraq əməkdaşlığı inkişaf etdirməyə və lazımi addımları atmağa hazır olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.