SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırdı
Bu gün Dmanisi bələdiyyəsindəki İrqançay kəndinə təbii qazın verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili, Marneuli və Qardabani üzrə majoritar namizəd Zaur Darğalı və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumata görə, layihənin icrası sayəsində şirkətin potensial abunəçilərinin sayı 496 vahid artacaq.
Qeyd edək ki, Dmanisi bələdiyyəsində 295 kilometr uzunluğunda qaz kəməri çəkilib və 7,029 potensial abonent qazla təmin edilib. 2020-ci ilin planına uyğun olaraq, daha iki kənddə (12,3 kilometr uzunluğunda olan və daha 242 abonentin qoşulması imkanı ilə) qazpaylayıcı şəbəkələr inşa olunur.
Qeyd edək ki, hazırda Dmanisi rayonunda qazlaşdırma səviyyəsi 83,1%-dir.