Gürcüstanın Qardabani rayonunun kəndlərində əhali koronavirusla əlaqədar kütləvi müayinə olunur
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin Qardabani rayonunda əhali kütləvi şəkildə koronavirus testindən keçirilir.
Bu barədə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, koronavirusla bağlı son günlər aşkar olunan koronavirus faktlarının 20-si məhz həmin kəndlərlə əlaqədar olub. Aşkar olunan koronavirus xəstələrinin çoxu əsasən ölkəyə kənardan gələn şəxslərdir. Amma hökumət əhali arasında yoluxmanın artmasının qarşısını almaq üçün kütləvi müayinələr aparacaq.
Artıq epidemioloqlardan ibarət bir neçə qrup Qardabaninin kəndlərinə ezam olunub.
Bu gün minə yaxın şəxsin PCR testindən keçirilməsi nəzərdə tutulub.
Hazırda həkimlər rayonun Qaracalar və Qaratəhlə kəndlərində müayinə aparırlar. Bu kəndlərin koronavirusun yayılmasının yüksək riski ilə bağlı təcrid olunub-olunmayacağı barədə bu gün qərar veriləcək.
Qeyd edək ki, indiyədək Qardabanidə 23 nəfərdə COVID-19 aşkarlanıb. Yoluxma hallarının 14-ü Qaracalar kəndində qeydə alınıb. Üç nəfərin yoluxma mənbəyi hələ məlum deyil. Yaranmış vəziyyətlə əlaqədar olaraq 60 nəfər karantinə yerləşdirilib.
Baş direktor deyib ki, bütün bunlara baxmayaraq ölkədə vəziyyət tam nəzarət altındadır.